Futbol üzrə Gürcüstan milli komandasının sol cinah yarımmüdafiəçisi Saba Lobjanidze Türkiyənin “Hatayspor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ə keçib.
Buna Hatay təmsilçisinin qardaş ölkədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonuna kimi Super Liqadan çəkilməsi səbəb olub. Bu üzdən “Hatayspor”un əksər oyunçuları kimi, Lobjanidze də özünə yeni klub tapmaq məcburiyyətində qalıb. “Fatih Karagümrük” Sabanı bu mövsümün sonuna kimi icarəyə götürüb. Onun Hatay klubu ilə müqaviləsi isə 2024-cü ilin 30 iyununa qədərdir.
Saba Lobjanidze 2021-ci ilin iyul ayından “Hatayspor”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 61 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Tiflis “Dinamo”sunun yetirməsi karyerası ərzində “Çixura”, “Randers” və “Ankaragücü” klublarının da formasını geyinib. O, Gürcüstan milli komandasının heyətində meydana çıxdığı 30 oyunda 3 qola imza atıb.
Yeri gəlmişkən, “Fatih Karagümrük” sabiq futbolçusu, Niderlanddan olan yarımmüdafiəçi Brahim Darrini də heyətinə qatıb. 28 yaşlı sol cinah vingeri ilə də müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, 2019/20 mövsümündə də İstanbul klubunun uğurları üçün çalışıb. Mərakeş əsilli futbolçu həmin vaxt bu komandada 40 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Peşəkar karyerasına “Vitess” klubunda başlamış Brahim Darri, Niderlandda “De Qrafşap”, “Herakles Almelo”, “NEK Neymegen”, “Den Boş” kimi komandaların da uğurları üçün çalışıb. O, Türkiyədə “Ərzurumspor”, “Samsunspor” və “Dənizlispor”un da formasını geyinib. Yarımmüdafiəçi 2022-ci ilin avqust ayından isə Qətərin “Mesaimeer” klubunda çıxış edirdi.
“Hatayspor” qapıçısı Abdullah Yiğiteri də 1-ci Liqa təmsilçisi “Rizəspor”a icarəyə verdiyini açıqlayıb. 22 yaşlı qolkiper də bu mövsümün sonuna kimi Rizə təmsilçisinin uğurları üçün çalışacaq.
Abdullah Yiğiter 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da cəmi 7 matça çıxıb. O, daha öncə “Amed”, “Fənərbaxça”, “İstanbulspor” kimi klublarda da olub.


