“Betis”də Nabil Fekir şoku – mövsümü erkən başa vurdu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Betis” klubunun fransalı yarımmüdafiəçisi Nabil Fekir uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Fransadan olan 29 yaşlı futbolçu La Liqanın 23-cü turu çərçivəsində baş tutan “Elçe” ilə səfər oyununda zədələnib. O, 3:2 hesabıyla qalib gəldikləri bu oyunda sonadək meydanda olsa da, aldığı zədənin ciddi olduğu üzə çıxıb. Matçdan sonrakı ətraflı müayinələr nəticəsində futbolçunun sol dizinin ön çapraz bağlarının qopduğu müəyyənləşib. Yarımmüdafiəçinin qarşıdakı günlərdə əməliyyat olunacağı və bu üzdən mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Onun dəqiq bərpa müddəti isə açıqlanmır.

Xatırladaq ki, Nabil Fekir 2019-cu ildən “Betis”in uğurları üçün çalışır. Hücumameyilli yarımmüdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, bütövlükdə bu komandada forma geyindiyi 138 matçda 28 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Daha öncə yalnız yetirməsi olduğu Lion “Olimpik”inin şərəfini qorumuş yarımmüdafiəçi, Fransa milli komandasında da 25 oyuna çıxıb və 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: