Əliyarın təyinat aldığı “Olimpiakos” – AEK oyunu təxirə salındı

Bu gün “Olimpiakos” və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb. Arena.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb. Buna görə ölkə ərazisində üç günlük matəm elan olunub. Bu üzdən Yunanıstan Futbol Federasiyası da həm bu gün, həm də qarşıdakı iki günə planlaşdırılmış bütün oyunların təxirə salınmasına qərar verib. Təxirə salınmış oyunların nə vaxt keçiriləcəyinə daha sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Olimpiakos” – AEK oyununa Azərbaycandan olan FİFA referisi Əliyar Ağayev təyinat almışdı. 36 yaşlı ədalət təmsilçisinə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəkdilər. Elçin Məsiyev isə VAR-da iş başında olacaqdı. Matç Bakı vaxtı ilə saat 22:00-da başlamalı idi.

Bu komandalar arasındakı ilk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

Sonda onu da xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda yeddi oyuna təyinat alıb. O, “Olimpiakos”la AEK arasında 2022-ci il aprelin 3-də baş tutan qarşılaşmada (1:1) da fit çalıb. Bundan başqa, Ağayev “Veriya” – “Lamiya” 1:2 (11.06.2022), “Panathinaikos” – “Aris” 1:0 (01.05.2022), “Panathinaikos” – PAOK 3:0 (04.04.2021), “Atromitos” – AEL 1:1 (20.02.2021), “Panathinaikos” – PAOK 2:0 (02.02.2020), PAOK – “Atromitos” 3:0 (10.03.2019) matçlarını da idarə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: