Azərbaycan Basketbol Liqasında 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün turun daha iki qarşılaşması baş tutub.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçirilib. Günün ilk oyunu “AAAF Xırdalan” və “Olimpik Şəki” basketbolçuları arasında baş tutub. Oyunun ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə xırdalanlılar üstünlüyü ələ alıblar. Yekunda Xırdalan təmsilçisi 100:77 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”da Deymon Makdouel (35 xal, 6 ribaund), “Olimpik Şəki”də Larri Robinson (31 xal, 5 asist) olublar.
Günün ikinci oyununda iki paytaxt komandası – “Sabah” və “Sərhədçi” üz-üzə gəliblər. Əlavə vaxta gedən gərgin oyunun sonunda “Sabah” basketbolçuları 100:92 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular “Sabah”da Entoni Patti (23 xal, 9 ribaund), “Sərhədçi”də Brendon Miller (24 xal, 6 asist) olublar.
20-ci tura sabah Astarada yekun vurulacaq. Astara Olimpiya İdman Kompleksində yerli “Zirvə Astara” ilə “Neftçi İK” komandaları üz-üzə gələcəklər.
Xatırladaq ki, turun ilk oyununda NTD “Gəncə” üzərində 91:85 hesablı qələbəyə sevinmişdi.
Xatırladaq ki, 19 turdan sonra Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
- Sərhədçi (19 oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
- NTD (19, oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
- Sabah (19 oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
- AAAF Xırdalan (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
- Gəncə (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
- Neftçi İK (19 oyun, 7 qələbə, 12 məğlubiyyət) – 26 xal
- Zirve Astara (18 oyun, 3 qələbə, 15 məğlubiyyət) – 21 xal
- Olimpik Şəki (19 oyun, 2 qələbə, 17 məğlubiyyət) – 21 xal


