Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dan Kolov – Nikola Petrov turnirinə bu gün yekun vurulub. Arena.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının iki güləşçisi final görüşünə çıxıb.
Mariya Stadnikin (50 kq) Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib. Qadınlardan ibarət yığmamızın lideri qazaxıstanlı rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.
Sərbəst güləş üzrə 125 kq-ın finalında Georgi Meşvildişvili iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan millimizin üzvü ikinci hissədə üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Georgi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, güləş üzrə Azərbaycan yığması ənənəvi yarışda ümumilikdə 4 medal qazanıb. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə etmişdi.


