Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Rumıniyanın Buxarest şəhərinə yola düşüblər. Arena.az xəbər verir ki, onların bu səfərində məqsəd “Eurotalents Development Camp U-13” adlı təlim-məşq toplanışında və turnirində iştirak etməkdir.
Onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi altında martın 12-dən 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar.
Buxarest topanışına Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri qatılıblar.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli ötən il Çexiya, Macarıstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıblar. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıb.


