Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş (U-23) Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə Azərbaycan millisinin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) startda moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlib. Lakin o, 1/4 finalda litvalı Qabiya Diliteyə məğlub olaraq mübarizəni dayandırıb.
Elnurə Məmmədova (55 kq) da ilk görüşündə polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlib. Amma o da 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə üçün bürünc medal şansı yaranıb. O, sabah bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşəcək.
Nigar Mirzəzadə (68 kq) isə ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar üçün də medal şansı yaranıb. O, sabah təsəlliverici görüşdə polşalı Karolina Kozlovskayla güləşəcək. Bu rəqibinə qalib gələcəyi halda, Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanacaq.
Xatırladaq ki, martın 13-də başlamış Avropa çempionatı ayın 19-na qədər davam edəcək. Azərbaycan güləşçilərindən hələlik yalnız Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.


