Futbol üzrə İspaniya La Liqasında çıxış edən “Elçe” komandasının baş məşqçisi Pablo Maçin istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv İspaniya La Liqasında 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 26 oyundan cəmi 2-də qələbə qazanıb, 7 heç-heçə edib. 17 qarşılaşma isə məğlubiyyətlə başa çatıb.
Xatırladaq ki, Pablo Maçin ötən ilin noyabr ayından “Elçe”yə başçılıq edirdi. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 14 matça çıxarıb. “Elçe” bu görüşlərdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. İspan məşqçi daha öncə ölkəsində “Numansiya”, “Jirona”, “Sevilya”, “Espanyol” və “Alaves”ə də rəhbərlik edib. O, Çinin “Çindao”, Səudiyyə Ərəbistanının “Əl-Əyn”, və “Əl-Raed” klublarında da baş məşqçi kimi çalışıb.


