Azərbaycanlı stolüstü tennisçi Yağmur Məmmədli Türkiyədə təşkil olunmuş beynəlxalq turnirin mükafatçıları sırasında yer alıb. Arena.az xəbər verir ki, yeniyetmə idmançı Antalyada keçirilən “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vurub.
O, 1/4 finalda Duru Krbacı, yarımfinalda isə Gülce Dönməzi mübarizədən kənarlaşdırıb. Finalda Nil Başaranla qarşılaşan Yağmur Məmmədli həlledici görüşdə 2:3 hesabı ilə uduzaraq turnirin gümüş medalına sahib çıxıb.
Xatırladaq ki, yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə 10 idmançı ilə yollanıb. Martın 19-dan başlamış “Pro-Tur” yarışında ayın 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənib.
Oğlanlardan ibarət Azərbaycan millisi isə Antalya sınaqlarına martın 22-də başlayacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi altında Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edirlər.


