“Elçe” argentinalı məşqçiyə tapşırıldı

İspaniya La Liqasının aşkar autsayderi, ötən gün Pablo Maçini istefaya göndərən “Elçe” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sebastyan Bekkasese çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinadan olan 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. Onun qarşısına qoyulan əsas hədəf isə komandanı elitada saxlamaqdır. Baxmayaraq ki, bu, çox çətin görünür.

Son olaraq Argentinanın “Defensa Xustisiya” komandasına rəhbərlik etmiş Sebastyan Bekkasese 2022-ci ilin sentyabrından işsiz idi. O, daha öncə ölkəsində “Rasinq”, “İndependyente”, Çilidə “Universidad de Çili” komandalarının da baş məşqçisi olub. Gənc mütəxəssis bir müddət Argentina millisində də köməkçi məşqçi kimi çalışıb.

Xatırladaq ki, “Elçe”yə ötən ilin noyabr ayından Pablo Maçin başçılıq edirdi. Amma o, ötən gün istefaya göndərilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv İspaniya La Liqasında 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 26 oyundan cəmi 2-də qələbə qazanıb, 7 heç-heçə edib. 17 qarşılaşma isə məğlubiyyətlə başa çatıb.

47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 14 matça çıxarıb. La Liqanın autsayderi bu görüşlərdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. İspan məşqçi daha öncə ölkəsində “Numansiya”, “Jirona”, “Sevilya”, “Espanyol” və “Alaves”ə də rəhbərlik edib. O, Çinin “Çindao”, Səudiyyə Ərəbistanının “Əl-Əyn”, və “Əl-Raed” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: