“Zirə”nin legioneri Toni Qomes futbol üzrə Qvineya-Bisau milli komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Nigeriya ilə oyunun iştirakçısı olub.
Qvineya-Bisau yığması Nigeriya millisi ilə səfərdə qarşılaşıb. Qomesin komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Toni qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb. Bu komandalar arasında martın 27-də daha bir qarşılaşma baş tutacaq. A qrupunda yer alan Qvineya-Bisau 3 turdan sonra 7 xalla vahid liderdir.
“Zirə”nin nigerli üzvü İssa Cibrilla isə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Əlcəzairə qarşı keçirdikləri oyunda ehtiyatda qalıb. Niger yığması səfərdə qarşılaşdığı Əlcəzair millisinə 1:2 hesabı ilə məğlub olub. F qrupunda yer alan bu komanda 2 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, İssa Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 3 oyuna çıxıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 18 oyun keçirib və 4 qol vurub.
Toni Qomes isə 2022-ci ilin avqustundan Premyer Liqa təmsilçisində forma geyinir. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan təmsilçisinin heyətində 19 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliya vətəndaşlığı da olan vinger Qvineya-Bisau yığmasında 4 matç keçirib.


