“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə qarşılaşdığı “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi təxminən 3 il 5 aydan sonra rəqib meydanında 3 qol vurub.
Sumqayıtın eyniadlı klubunun sonuncu belə məhsuldarlığı 2019/20 mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.
Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməmişdi. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada isə 2 dəfə fərqlənmişdi.
Xatırladaq ki, cari mövsümdə o qədər də uğurlu təsir bağışlamayan sumqayıtlılar hazırda 24 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komanda keçirdiyi 28 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Top fərqi də ürəkaçan deyil – 20 qol vuran kollektiv, 52 dəfə meydanın mərkəzinə dəvət olunub.


