Luis Qarsiya “Espanyol”un yeni baş məşqçisi oldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Espanyol” komandasının yeni baş məşqçisi Luis Qarsiya Fernandes təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 42 yaşlı mütəxəssislə 2024-cü ilin 30 oyununa kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Dieqo Martinesi əvəz edib. Hansı ki, onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilir. Belə ki, son 4 matçından məğlub ayrılan “Espanyol” bu mövsüm La Liqada keçirdiyi 27 oyuna cəmi 6 qələbə qazanıb. 9 heç-heçəsi olan komanda 12 oyunda da məğlubiyyətə üzülüb. Sözügedən kollektiv hazırda 27 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Dieqo Martines 2022-ci ilin iyul ayından “Espanyol”a rəhbərlik edirdi. İspan mütəxəssis bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. Bu oyunlarda 9 qələbə qazanmış kollektiv, eyni sayda da heç-heçə edib və 13 matçda məğlub olub. Martines daha öncə “Arenas Armilya”, “Motril”, “Osasuna” və “Qranada”nı da çalışdırıb.

Luis Qarsiya isə buna qədər İspaniyanın “İnternasional” (Madrid) komandasına rəhbərlik edib. O, 2022-ci ilin yayından baş məşqçisi olduğu bu komandadan məhz “Espanyol”dan aldığı təklifə görə ayrılıb. Madrid “Real”ının yetirməsi olan keçmiş hücumçu, karyerası ərzində “Mursiya”, “Malyorka”, “Saraqosa”, “UANL Tiqres” və “Eupen” kimi kimi komandalarda da oynayıb. O, 2005-2011-ci illər aralığında isə məhz “Espanyol”un uğurları üçün çalışıb. Keçmiş futbolçu İspaniya millisində də 7 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: