Futbol üzrə Fransa çempionatının (Liqa 1) 30-cu turunun “Nitsa” ilə səfər oyunu PSJ-nin müdafiəçisi Markinyos üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Braziliyadan olan təcrübəli futbolçu Liqa 1 təmsilçisində 400-cü matçına çıxıb.
Klub rəhbərliyi komandanın kapitanı olan müdafiəçinin bu əlamətdar oyununu xüsusi qeyd edib. Belə ki, matçdan sonra Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi və digər rəhbər şəxslər komandanın paltardəyişmə otağına gələrək onu təbrik ediblər. Markinyosa bununla əlaqədar xüsusi forma və hədiyyələr təqdim olunub.
28 yaşlı “sambaçı” 2:0 hesablı qələbəyə sevindikləri səfər matçından sonra bu barədə fikirlərini də bölüşüb: “PSJ həmişə mənə, azarkeşlərə minnətdarlığını bildirib. Parisdə çox xoşbəxtəm!”
Xatırladaq ki, Markinyos 2013-cü ilin yayından Paris klubunda çıxış edir. O, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb və 2 qol vurub. Müdafiəçi Fransa klubundakı 400 matçda 38 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu daha öncə İtaliyanın “Roma” klubunda (30 oyun) və yetirməsi olduğu “Korintians”da (6 oyun, 1 məhsuldar ötürmə) da forma geyinib. O, ölkəsinin milli komandasında meydana çıxdığı 76 oyunda 5 qol vurub.


