Xose Bordalas yenidən “Xetafe”də!

İspaniyalı futbol mütəxəssisi Xose Bordalas yenidən La Liqada mübarizə aparan “Xetafe” komandasının baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

59 yaşlı mütəxəssislə bu mövsümün sonuna – 30 iyuna kimi müqavilə imzalanıb. Bordalas baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Kike Sançes Floresi əvəz edib.

Əslində Kike Sançes Floresin istefasından sonra klub açıqlama yaymış və komandanı müvəqqəti olaraq idman direktoru Ruben Reyesin çalışdıracağını bəyan etmişdi. Lakin görünür Bordalasla danışıqlar uğurlu alındığından, Ruben Reyesin öz vəzifəsində qalması daha məqsədəuyğun hesab olunub.

Xose Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik edib. Həmin vaxt o, bu komandanı 212 oyuna çıxarmışdı. Xetafelilər bu görüşlərdə 83 qələbə qazanmış, 60 heç-heçə etmiş və 69 məğlubiyyətə üzülmüşdülər. İndi o, mövsümün qalan 7 oyununda uğurlu nəticələrə imza ata bilsə, yayda sözləşmənin müddətinin artırılması da mümkündür. Hansı ki, komanda La Liqada qalmaq uğrunda mübarizə aparır.

Bordalas “Xetafe”dən ayrılandan sonra 2021/22 mövsümündə “Valensiya”ya da rəhbərlik etmişdi. O, sözügedən klubdan ayrılandan bəri işsiz idi. İspan məşqçi daha öncə “Alaves”, “Alkorkon”, “Elçe”, “Alkoyano”, “Herkules”, “Alikante”, “Novelda”, “Eldense”, “Benidorm” kimi komandaları da çalışdırıb.

Xatırladaq ki, Kike Sançes Flores 2021-ci ilin oktyabrından “Xetafe”yə rəhbərlik edirdi. O, daha öncə də iki dəfə bu komandanın baş məşqçisi olub. İlk dəfə 2004/05 mövsümündə sözügedən kollektivə rəhbərlik etmiş 58 yaşlı məşqçi ikinci dəfə də 2015-ci ildə bu posta dəvət olunmuşdu.

Kike Sançes Flores son fəaliyyət dönəmində “Xetafe”ni 66 oyuna çıxarıb. Komanda bu oyunlarda 18 qələbə qazanıb, 24 heç-heçə edib və 24 məğlubiyyətlə üzləşib.

“Xetafe” bu mövsüm La Liqada keçirdiyi 31 oyunda cəmi 31 xal toplayıb və 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: