Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Köln” klubu baş məşqçi Şteffen Baumqart ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədər idi.
Xatırladaq ki, Şteffen Baumqart 2021-ci ilin may ayından “Köln”ə rəhbərlik edir. Sözügedən kollektiv Almaniyadan olan 51 yaşlı mütəxəssisin rəhbərliyi altında indiyə qədər 77 oyuna çıxıb. Bu görüşlərdə 28 qələbə qazanmış komanda, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.
“Köln” bu mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 11 məğlubiyyətlə üzləşib. Komanda 38 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Baumqart daha öncə “Paderborn”, “Berliner” və “Maqdeburq” kimi komandalara da rəhbərlik edib.


