AL: “Sevilya” və “Roma”dan rekordlar və ilklər

Avropa LiqasınınSevilya” və “Roma” komandaları arasında keçirilən final oyunu bir sıra rekordlar və ilklərlə yadda qalıb.

Arena.az xəbər verir ki, xüsusən də, 7-ci dəfə titula sahib çıxan İspaniya klubu bir neçə rekordu yeniləyib.

Avroliqada keçirdiyi 7 finalın hamısında qələbə qazanan “Sevilya” beynəlxalq arenadakı titul sayına görə cəmi 5 klubdan geri qalır. Bunlar “Real” (İspaniya – 16 dəfə), “Barselona” (İspaniya – 12), “Milan” (İtaliya – 9), “Liverpul” (İngiltərə – 9) və “Bayern”dir (Almaniya – 8).

“Sevilya” 21-ci əsrdə avrokuboklarda ən çox titul qazanan komanda ünvanını ələ keçirib. Sözügedən komanda 7 kubok qazanıbsa, İspaniyanın digər təmsilçisi “Real”da bu say 6-dır.

İspaniya komandaları digər ölkələrin nümayəndələri ilə qarşılaşdıqları son 18 final görüşünün hamısında qalib gəliblər. Bu seriya 2002-ci ildə Çempionlar Liqasının həlledici matçında “Real”ın Almaniya “Bayer”i üzərində qazandığı qələbə ilə başlayıb.

“Sevilya” üçüncü dəfə avrokubokların finalında penaltilər seriyasından üstün ayrılıb. İspanlar İngiltərə “Liverpul”unun bu göstəricidəki rekordunu təkrarlayıblar.

“Sevilya”nın yarımmüdafiəçisi Erik Lamela karyerası ərzində çıxdığı 7-ci final görüşündə ilk dəfə titul qazanmağı bacarıb.

“Roma”nın baş məşqçisi Joze Mourinyo avrokuboklarda keçirdiyi altıncı final qarşılaşmasında ilk dəfə məğlub olub. Mourinyonun karyerası ərzində rəhbərlik etdiyi komandalar bütün turnirlərdə 11 penalti seriyasından 9-da məğlub olub.

“Roma”nın hücumçusu Paulo Dibala 2010/2011 mövsümündə Çempionlar Liqasının həlledici görüşündə fərqlənən Lionel Messidən (“Barselona”) sonra avrokubokların finalında qol vuran ilk argentinalıdır. Dibala həm də Xorxe Valdano (1985 və 1986), Dieqo Maradona (1989), Xavyer Zanetti (1998) və Ernan Krespodan sonra Avroliqanın (UEFA Kubokunun) finalında qol vuran 5-ci argentinalıdır.

İspaniya klublarının avrokubok hegemonluğu

Yeri gəlmişkən, İspaniya növbəti mövsümdə UEFA Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. La Liqada ilk 4 pillənin sahibi olan “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”a “Sevilya” da qoşulub. Sözügedən komanda bunu Avroliqanın qalibi olmaqla bacarıb.

Ümumiyyətlə, İspaniya klubları 2001/2002 mövsümündən bəri UEFA Çempionlar Liqasında və Avropa Liqasında 26 final matçına çıxıblar. Və bütün hallarda kubok İspaniyaya gedib. La Liqa klubları məğlubiyyətləri də yalnız həmvətənlərindən alıblar. Yəni, onlar yalnız finaldakı komandaların yalnız hər ikisi bu ölkəni təmsil edərkən məğlubiyyət görüblər.

Bu müddətdə “Sevilya” 7, “Real” 6, “Barselona” 4, “Atletiko” 3, “Valensiya” və “Vilyarreal” 1 kubok qazanıb. “Atletiko” 2, “Atletik”lə “Espanyol” 1 dəfə həlledici matçda başqa bir ispan klubuna uduzub. Bu seriya 2002-ci ildə “Real”ın “Bayer” üzərindəki qələbəsi ilə başlayıb.

“Sevilya” 7 dəfə Avropa Liqasını qazanmaqla bu yarışın mütləq rekordçusudur. Ümumi avrokubok titullarında isə “Real” öndədir (16). Madridlilər 14 dəfə ÇL-i, 2 dəfə UEFA kubokunu (indki Avroliqa) qazanıb. “Barselona” 12, “Milan” və “Liverpul” 9 , “Bayern” 8 kubokla sonrakı yerləri bölüşür.

Xatırladaq ki, ötən gecə 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında “Roma”nı 4:1 hesabı ilə məğlub edən “Sevilya” Avroliqanın qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: