Liqa 1-in ötən mövsümünü 9-cu pillədə başa vuran “Nitsa” 4 oyunçusu – Nikolya Pepe, Ross Barkli, Co Brayan və Andi Delorla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ross Barklinin klubla müqaviləsinin müddəti başa çatıb və tərəflər yeni sözləşmə imzalamaq istəmədikləri üçün vidalaşıblar. Andi Delor “Nant”a satılıb. İcarəyə götürülmüş digər iki oyunçu isə müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.
Xatırladaq ki, Ross Barkli “Nitsa”ya 2022-ci ilin sentyabrında “Çelçi”dən azad agent kimi ayrılaraq keçmişdi. İngilis yarımmüdafiəçi Liqa 1 təmsilçisində 28 oyuna çıxıb, 4 qol və 2 assistlə yadda qalıb. 29 yaşlı futbolçu daha öncə “Everton”, “Çelsi”, “Aston Villa”, “Şeffild Uensdey”, “Lids” kimi klublarda çıxış edib. O, İngiltərə millisində 33 oyuna 6 qol vurub.
Co Brayan “Nitsa”ya 2022-ci ilin avqustunda “Fulhem”dən icarə əsasında gəlmişdi. İngiltərədən olan sol cinah müdafiəçisi bu komandada 10 oyun keçirib, 1 qol və 1 assistlə fərqlənib. 29 yaşlı futbolçu daha öncə “Bristol Siti”, “Fulhem”, “Plimut” və “Bat Siti” kimi klubların da formasını geyinib.
Nikolya Pepe 2022-ci ilin avqustunda London “Arsenal”ından icarəyə götürülmüşdü. 28 yaşlı sağ cinah vingeri bu komandada 28 oyuna çıxıb, 8 qol və 1 assistlə yadda qalıb. “Arsenal”ın yarımmüdafiəçisi karyerası ərzində “Orlean”, “Anje” və “Lill”də də forma geyinib. O, Fil Dişi Sahili yığmasında da 35 oyuna 9 qol vurub.
Andi Delor isə “Nitsa”ya 2021-ci ilin avqustunda “Monpelye”dən 10 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 55 oyun keçirib, 25 qol vurub, 5 assistlə yadda qalıb. Əlcəzairli 31 yaşlı forvard bu ilin yanvarında “Nant” tərəfindən satınalma şərti ilə icarəyə götürülmüşdü. Geridə qalan mövsümdə “Nant”ın heyətində 17 oyuna 2 qol vurulmuş futbolçunun transfer hüquqları da alınıb. “Nant” bu keçid üçün “Nitsa”ya 5 milyon avro ödəyib. Əlcəzair yığmasında 15 oyuna 2 qol vurmuş futbolçu “Ayaçço”, “Nim”, “Mets”, “Tur”, “Uiqan”, “Kan”, “Tiqres UANL”, “Tuluza” və “Monpelye” kimi klublarda da çıxış edib.


