“Fatih Karagümrük”ün hücumçuları Fabio Borini ilə Mbaye Diaqne Super Liqa təmsilçisindən ayrılmağa qərar veriblər.
Arena.az xəbər verir ki, bu barədə onlar özləri açıqlama yayıblar.
Hər iki futbolçu mövsümün sonuna qədər olan müqavilələrini yeniləməməyi üstün tutublar.
Xatırladaq ki, Fabio Borini 2021-ci ilin yanvarında qoşulduğu “Fatih Karagümrük”də bütövükdə 75 oyuna çıxıb. İtaliyadan olan 32 yaşlı sol cinah vingeri bu oyunlarda 36 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Borini karyerası ərzində “Çelsi”, “Suonsi Siti”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend”, “Milan” və “Verona” kimi klublarda da forma geyinib. O, İtaliyanın əsas millisində də 1 oyun keçirib.
Mbaye Diaqne isə ötən mövsümün əvvəlindən “Fatih Karagümrük”də çıxış edirdi. Seneqaldan olan 31 yaşlı forvard bu komandanın heyətində 35 matça çıxıb. O, bu görüşlərdə 25 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına İtaliyada, “Brandizzo”da başlayan, daha sonra “Bra” komandasında forma geyinən Diaqne 2013-cü ildə “Yuventus”a transfer olunub. Lakin o, Turin təmsilçisinin əsas komandasına yüksələ bilmədiyi üçün “Ayaçço”, “Lyers”, “Əl-Şabab”, “Vesterlo” və “Uypeşt” kimi klublara icarəyə verilib. 2016-cı ilin əvvəlində “Yuventus”dan ayrılan forvard, Çinin “Tianjin Teda” klubuna transfer olunub. Cəmi bir il sonra, 2018-ci ilin yanvarında isə futbolçu “Kasımpaşa”ya transfer olunub. “Kasımpaşa” 2019-cu ildə bu hücumçunu 13 milyon avroya “Qalatasaray”a satıb. İstanbul klubunda olduğu müddətdə isə Diaqne iki kluba icarəyə verilib. 2019/20 mövsümündə “Brügge”yə üz tutan seneqallı hücumçu, 2021-ci ildə də “Vest Bromviç”də çıxış edib. Mbaye Seneqal yığmasında da 11 oyun keçirib.


