Madrid “Real”ı Almaniyanın “Borussiya” (Dortmund) klubundan heyətinə qatdığı yarımmüdafiəçi Cud Bellingem transferini rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Hələ bir müddət öncə “Borussiya” bu oyunçunu “Real”a satdığını açıqlasa da, Madrid təmsilçisi bu keçidi bəyan etməyə tələsmirdi. Nəhayət, bu gün İspaniya nəhəngi də Bellingemi heyətinə qatdığını rəsmi saytı vasitəsilə açıqlayıb.
Madridlilər İngiltərə millisinin üzvü üçün “Borussiya”ya 103 milyon avro təzminat ödəyəcəklər. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək. 19 yaşlı futbolçu “kral klubu” ilə 6 illik müqavilə imzalayıb.
Bellingem geridə qalmış mövsümdə “Borussiya”nın heyətində 42 oyuna çıxıb. O, bu oyunlarda 14 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Dortmundlular isə Bundesliqanın gümüş medalları ilə kifayətləniblər.
Xatırladaq ki, Cud Bellingem Dortmund “Borussiya”sına 2020-ci ilin iyul ayında İngiltərənin “Birmingem” klubundan 30 milyon avro qarşılığında transfer olunmuşdu. Gənc yarımmüdafiəçi Almaniya klubunda bütövlükdə 132 oyuna çıxıb. O, bu görüşlərdə 24 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis futbolçunun “Birmingem” karyerası isə 44 oyun, 4 qol və 2 məhsuldar ötürmədən ibarətdir. Bellingem İngiltərə yığma komandasında da 24 oyuna çıxıb və 1 qola imza atıb.
Xatırladaq ki, “Real” Cud Bellingemdən öncə Fran Qarsiyanı da transfer etmiş, Brahim Diası isə icarədən geri qaytarmışdı.


