“Sevilya”dan ayrılan Ramon Monçi rəsmən “Aston Villa”da

Dünən axşam saatlarında “Sevilya”dan ayrılan ispan mütəxəssis Ramon Monçi İngiltərənin “Aston Villa” klubunun idman direktoru təyin edilib.

Arena.az bu barədə “Aston Villa”nın rəsmi açıqlamasına istinadən xəbər verir.

Klubun mətbuat-xidmətinin rəsmi bəyanatında deyilir:

“Monçi baş məşqçi Unai Emeri ilə sıx əməkdaşlıq edərək birinci komanda ilə əlaqədar bütün futbol məsələlərinə cavabdeh olacaq”.

Monçi “Sevilya”da 10 il qapıçı kimi çıxış edib və karyerasını bitirdikdən sonra klubun idman direktoru vəzifəsində çalışıb. Monçi ilə əməkdaşlıq dönəmində “Sevilya” yeddi dəfə Avropa Liqasının, iki dəfə İspaniya Kubokunun və Avropa Super Kubokunun qalibi olub. Daha sonra, Monçi 2017-ci ildə İtaliyaya yollanıb və “Roma”da iki il idman direktoru vəzifəsində çalışıb. Bu müddətdə “Roma” UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlməyi bacarıb. Ardından, Monçi yenidən “Sevilya”ya qayıdıb.

Ramon Monçi iş icazəsi almaq şərti ilə iyul ayından “Aston Villa”dakı vəzifəsinin icrasına başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: