Geridə qalan mövsüm bitən kimi Dortmund “Borussiya”sından ayrılan Mahmud Dahud İngiltərənin “Brayton” klubu ilə anlaşıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Daha öncə “Liverpul”dan ayrılmış Ceyms Milnerlə 1+1 illik müqavilə bağlamış “Brayton”, Dahudla 4 illik (2027-ci ilin 30 iyununa kimi) anlaşıb.
Mahmud Dahud Düsseldorf “Fortuna”sının yetirməsidir. O, peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlayıb. 27 yaşlı futbolçu bu komandada 86 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
2017-ci ilin iyul ayında Dortmund “Borussiya”sı Mönhenqladbaxdan olan adaşına 12 milyon avro ödəyərək Dahudu öz sıralarına qatıb. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 141 matçda 5 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suriya əsilli Dahud, əsas millidə də 2 matça çıxıb.


