Ulduz hücumçu Lionel Messinin çıxış edəcəyi ABŞ-ın “İnter Mayami” klubu “Barselona”nın sabiq müdafiəçisi Jordi Alba ilə də razılığa gəlib.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, tərəflər artıq müqavilənin təfərrüatını razılaşdırıb. Klub keçidi ən qısa zamanda başa çatdırmaq üçün çalışır.
“İnter Mayami” UEFA Millətlər Liqasının final mərhələsi bitdikdən sonra müqavilə imzalamağa ümidlidir.
Bu klub “Barselona”da çıxış edən dayaq yarımmüdafiəçisi Serxio Busketi də transfer etmək niyyətindədir. Liqa qaydalarına əsasən, klubun Albaya təklif edə biləcəyi maksimum məvacib ildə 2 milyon dollardır. “İnter Mayami” Albanın reklam müqavilələri və ya 2026-cı il dünya çempionatının səfiri vəzifəsi kimi, başqa daha bir gəlir mənbəyinə sahib olmasını təmin etməyə çalışır.
Qeyd olunur ki, Mayami klubundan başqa, Jordi Alba başqa təkliflər də alıb.
2022/2023 mövsümündə Alba “Barselona”nın heyətində 30 oyunda meydana çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portadlı Jordi Albanı 5 milyon avro məbləğində qiymətlənirir.


