Ukraynalı futbolçu Rusiyaya qayıtmaqdan imtina etdi

Transfer hüquqları Moskva “Dinamo”suna məxsus ukraynalı müdafiəçi İvan Ordets ən azı bir mövsüm daha “Bohum”da icarədə qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, “Bohum” 30 yaşlı Ordetslə ötən mövsüm olduğu kimi, növbəti mövsümdə də əməkdaşlıq haqda razılığa gəlib. Ukraynalı müdafiəçi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qarşılığında FIFA tərəfindən əcnəbi futbolçular üçün müəyyən edilmiş xüsusi qanundan yararlanıb. Ordets “Bohum”da çıxış etdiyi müddətdə komandanın liderlərindən olub.

“Bohum”un texniki direktoru Mark Lettau Ukrayna yığmasının sabiq müdafiəçisi İvan Ordets haqda fikirlərini paylaşıb:

“Onun etibarlılığı, əzmkarlığı və başla zərbə gücü bizə həm müdafiədə, həm də hücumda kömək edib. O, liderdir və komandamızın müdafiəsində sabitliyi təmin etməyə gələcəkdə də davam etməlidir. Onun müqaviləsinə FIFA-nın xüsusi qaydası başa çatdıqdan sonra daha iki il Bohumda qalmaq imkanı da daxildir”.

2022/2023 mövsümündə İvan Otdets “Bohum”un heyətində 33 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ordetsin “Dinamo” ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir. Xatırladaq ki, əcnəbi futbolçuları Rusiya və Ukrayna klubları ilə müqavilə öhdəliklərini yerinə yetirməkdən azad edən FIFA-nın xüsusi qanunu da bu tarixə qədər qüvvədə olacaq.

“Transfermarkt” internet-portalı İvan Ordetsi 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: