2022/2023 mövsümü bitən kimi Türkiyə çempionu “Qalatasaray”dan ayrılan qapıçı Okan Koçuk özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 27 yaşlı qolkiper Super Liqanın yeni iştirakçısı olan “Samsunspor”la anlaşıb.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanıb. “Qalatasaray”la müqaviləsinin müddəti bitmiş qapıçı Samsun təmsilçisinə azad agent kimi keçib.
Xatırladaq ki, Okan Koçuk 2019-cu ilin iyul ayından “Qalatasaray”da forma geyinirdi. O, İstanbul təmsilçisində cəmi 29 oyuna çıxıb, 38 qol buraxıb, 7 “quru” matç keçirib. Türkiyəli qapıçı “İstanbulspor”, “Girəsunspor”, “Bursaspor” və “Bandırmaspor” kimi klublarda da forma geyinib. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış qolkiper əsas millidə forma şansı qazanmayıb.
Yeri gəlmişkən, “Qalatasaray” bu ilin yanvarında İtaliyanın “Sassuolo” klubundan icarəyə götürdüyü Kaan Ayhanın transfer hüquqlarını da alıb. İstanbul təmsilçisi bunun üçün İtaliya klubuna 2.8 milyon avro ödəyib. Transferin tezliklə rəsmən açıqlanması gözlənilir. Türkiyə çempionu bu oyunçunun yarım mövsümlük icarəsi üçün də 400 min avro ödəmişdi.
Kaan Ayhan geridə qalan mövsümdə “Qalatasaray”da cəmi 6 oyuna çıxıb, 1 qol vurub. 28 yaşlı müdafiəçi bu komanda ilə Türkiyə çempionu olub.
Kaan 2020-ci ilin sentyabr ayında Almaniyanın “Fortuna” (Düsseldorf) klubundan 2,5 milyon avro qarşılığında “Sassuolo”ya transfer olunmuşdu. Mərkəz müdafiəçisi İtaliya klubunda 55 matça çıxıb və 2 qola imza atıb. Almaniyada dünyaya göz açmış futbolçu “Şalke”nin yetirməsidir. O, bu ölkədə “Şalke” və “Fortuna”dan başqa, “Ayntraxt” (Frankfurt) klubunun da uğurları üçün çalışıb. Almaniyanın U-16, U-17, U-18, Türkiyənin U-17 və U-21 yığmalarının formasını geyinmiş Kaan, 2016-cı ildən qardaş ölkənin əsas milli komandasında forma geyinir. O, “ay-ulduzlar”ın heyətində 51 matça çıxıb, 5 qol vurub.


