Azərbaycanlı FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının açılış matçını idarə edib.
Arena.az xəbər verir ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatına bu gün start verilib.
Turnirin açılış matçında Belçika və Niderland yığmaları üz-üzə gəliblər. Qarşılaşmanın baş hakimi Azərbaycanın FIFA referisi Əliyar Ağayev olub. Azərbaycanlı ədalət təmsilçisinə yan xətt hakimləri qismində digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli yardım ediblər. A qrupu çərçivəsində baş tutan və Gürcüstanın paytaxtı Tiflisdəki “Mesxi” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.
35 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, Belçika yığmasından 3, Niderland millisindən isə 2 futbolçuya sarı vərəqə göstərib.
Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.
B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib – 2:0. Hesabı ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib. Kaşuk sonda UEFA-nın seçiminə əsasən sözügedən matçın ən yaxşısı adına layiq görülüb.
B qrupunun digər oyunu Rumıniya və İspaniya yığmaları arasında baş tutub. İspanlar bu görüşdən 3:0 hüsablı qələbə ilə ayrılıblar.


