Futbol üzrə Fransa yığmasının və Mönhenqladbah “Borussiya”sının hücumçusu Markus Türam bu yay PSJ-yə keçməkdən imtina edib.
Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Türam “Milan”ın son maliyyə təklifindən tam razı qalıb. Bu üzdən də hücumçu PSJ ilə danışıqlardan imtina etmək qərarını verib. “Rossoneri”nin nümayəndələri yaxın vaxtlarda Türamla razılığa gələ biləcəklərinə əmindirlər.
Daha əvvəl PSJ-nin baş məşqçisi olacağı iddia edilən Luis Enrikenin Türamı komandasında görmək istəməsi haqda məlumat yayılmışdı.
Xatırladaq ki, Markus Türam 2019-cu ilin yayından Mönhenqladbah “Borussiya”sında çıxış edirdi. Həmin vaxt “Genqam”dan 9 milyon avroya transfer edilmiş futbolçunun Almaniya klubu ilə müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Bu üzdən də o, azad agent kimi istədiyi kluba keçmək şansına malikdir.
“Transfermarkt” internet-portalı Markus Türamı 32 milyon avro məbləğində qiymətləndirir.
25 yaşlı Türam 2022/2023 mövsümündə meydana çıxdığı 32 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun “Borussiya” karyerası bütövlükdə 134 oyun, 44 qol və 29 assistdən ibarətdir. Futbolçu daha öncə “Genqam” (72 oyun, 17 qol, 4 assist) və “Soşo”da (43 oyun, 1 qol, 2 məhsuldar ötürmə) da forma geyinib.
Markus Fransa yığmasının sabiq futbolçusu Lilian Türamın oğludur. Oğul Türam da bu ölkənin milli komandasında forma geyinir. O, yığmada keçirdiyi 10 matçda fərqlənə bilməyib.


