“İnter”in kamerunlu qapıçısı Andre Onananın agenti Albert Botines iyunun 22-də “Mançester Yunayted”in nümayəndələri ilə görüş keçirib.
Arena.az bu barədə italiyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” qapıçı David de Xeanın komandadan ayrılacağı halda 27 yaşlı kamerunlu qapıçını transfer etmək istəyirlər. Hazırda “Mançester Yunayted” rəhbərliyi De Xeanın komandadakı gələcəyi ilə bağlı yekun qərar verməyib.
“İnter”in Onananı 50 milyon avro və üstəlik, əlavə bonuslardan aşağı məbləğə satmayacağı vurğulanır.
2022/2023 mövsümündə Onana “İnter”in heyətində 41 oyun keçirib, 36 qol buraxıb, 19 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Onananın “İnter”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Andre Onananı 35 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Onananın “İnter”də mümkün əvəzediciləri haqda məlumat yayılmışdı.


