Toni Kroos “Real”da qaldığı üçün həyat yoldaşına təşəkkür etdi

Madrid “Real”ının alman yarımmüdafiəçisi Toni Kroos “Kral klubu” ilə müqaviləsini yeniləməyinin təfərrüatı haqda danışıb.

Arena.az bu barədə Ukraynanın “Tribuna” portalına istinadən xəbər verir.

Toni Kross həyat yoldaşı ilə olan dialoqdan kiçik çıxarış edərək bunun “Real”la müqaviləsinin uzadılmasında təşəkkürə layiq məqam olduğunu dilə gətirib:

“Mənə “nə istəyirsən et” deyən həyat yoldaşıma kiçik bir təşəkkür edirəm. Bu, məni azca təəccübləndirdi. Fikirləşdim ki, məgər sən evə tez-tez gəlməyimi istəmirsən?”

Xatırladaq ki, “Real” rəsmi saytında Toni Kroosla müqaviləsinin müddətini uzatdığını bildirib. Tərəflərin yeni müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.

2022/2023 mövsümündə Kroos “Real”ın heyətində 52 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. O, “qaymaqlılar”la İspaniya Kubokunu və La Liqanın “gümüş”ünü qazanıb.

Kroos “Real”a 2014-cü ildə “Bayern”dən keçib və 9 mövsümdür ki, madridlilərin heyətində çıxış edir.

Ümumilikdə, Kroos “Real”ın heyətində 417 oyun keçirib, 27 qol vurub, 89 məhsuldar ötürmə verib. O, burada 20 titul qazanıb: 4 UEFA Çempionlar Liqası, 5 Klublararası Dünya Çempionatı, 4 Avropa Super Kuboku, 3 La Liqa çempionluğu, 1 İspaniya Kuboku və 3 İspaniya Super Kuboku.

“Transfermarkt” internet-portalı Toni Kroosu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: