Xose Bordalas La Liqada saxladığı “Xetafe”də qaldı

İspaniya La Liqasındakı yerini çətinliklə təmin edən “Xetafe”də baş məşqçi Xose Bordalas ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

59 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Xose Bordalas baş məşqçi postunda aprel ayında istefaya göndərilmiş Kike Sançes Floresi əvəz etmişdi. Həmin vaxt onunla mövsümün sonuna kimi müqavilə imzalandığı açıqlanmışdı. Komanda Bordalasın rəhbərliyi altında çətinliklə də olsa, elitadakı yerini qoruduğu üçün, klub onu postunda saxlamağa qərar verib. “Xetafe” bu müddətdə 7 oyun keçirib, 3 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda topladığı 42 xalla mövsümü 15-ci pillədə başa vurub.

Xose Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik edib. Həmin vaxt o, bu komandanı 212 oyuna çıxarıb. Xetafelilər bu görüşlərdə 83 qələbə qazanıb, 60 heç-heçə edib və 69 məğlubiyyətə üzülüblər.

Bordalas “Xetafe”dən ayrılandan sonra 2021/22 mövsümündə “Valensiya”ya da rəhbərlik etmişdi. İspan məşqçi daha öncə “Alaves”, “Alkorkon”, “Elçe”, “Alkoyano”, “Herkules”, “Alikante”, “Novelda”, “Eldense”, “Benidorm” kimi komandaları da çalışdırıb.

Yeri gəlmişkən, “Xetafe” 2022-ci ilin yayında “Real Sosyedad”dan icarəyə götürdüyü yarımmüdafiəçi Kristian Portuques Mansaneranın da transfer hüquqlarını alıb. Daha çox “Portu” ləqəbi ilə tanınan sağ cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. “Xetafe” bu transfer üçün La Liqanın digər klubuna 3,5 milyon avro təzminat ödəyib.

“Valensiya”nın yetirməsi olan Portu, “Albasete” və “Jirona”da da oynayıb. O, 2019-cu ildən formasını geyindiyi “Real Sosyedad”da 137 oyun keçirib, 18 qol və 16 assistlə yadda qalıb. O, geridə qalan mövsümdə “Xetafe”də 37 oyun keçirib, 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: