“Ferentsvaroş”un hücumçusu Ovusu Kvabena bu gün “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib:
“Qarabağ”ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir. Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq”.
Qanalı forvard formasını geyindiyi Macarıstan təmsilçisinin hədəflərindən də söz açıb: “Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq”.
Xatırladaq ki, bu gün Avstriyada baş tutacaq “Qarabağ” – “Ferentsvaroş” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu, Azərbaycan çempionunun Avstriya toplanışı çərçivəsindəki ilk yoxlama oyunudur.
Ovusu Kvabena bu ilin əvvəlində məhz “Qarabağ”dan Macarıstan klubuna transfer olunub. O, “Ferentsvaroş”da indiyə qədər cəmi 10 oyuna çıxıb, 2 qola imza atıb. Afrikalı forvardın “Qarabağ” karyerası isə 78 oyun, 19 qol və 7 məhsuldar ötürmədən ibarətdir


