Ötənlərin məşhur italyan futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Andrea Pirlo “Sampdoriya” ilə müqavilə bağlayıb.
Arena.az bu barədə Genuya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 44 yaşlı italyan mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl, “Sampdoriya”ya rəhbərlik “Frozinone”nin sabiq baş məşqçisi Fabio Qrossoya həvalə edilə bilərdi, ancaq danışıqlar uğursuzluqla nəticələnib.
Andrea Pirlo məşqçilik fəaliyyətinə futbolçu kimi çıxış etdiyi “Yuventus”da başlayıb. Əvvəlcə mütəxəssis klubun gənclərdən ibarət kollektivini çalışdırıb. O, 2020-ci ildə isə əsas komandanın sükanı arxasına keçib və ilk mövsümdəcə İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb. İtalyan mütəxəssisin son iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. Pirlo Türkiyə klubundan cari ilin may ayında ayrılıb.
“Sampdoriya”ya gəlincə, komanda mövsümü A Seriyasının dibində başa vurub. 38 oyunda 19 xal toplamış Genuya təmsilçisi B Seriyasına yuvarlanıb.


