Sven Mişel “Union Berlin”i “Auqsburq”a dəyişdi

Almaniyadan olan 32 yaşlı hücumçu Sven Mişel “Union Berlin”dən ayrılaraq Bundesliqanın digər təmsilçisi “Auqsburq”a keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Auqsburq” bu transfer üçün Berlin klubuna 950 min avro ödəyib. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Sven Mişel 2022-ci ilin yanvarından formasını geyindiyi “Union Berlin”də 44 oyuna 9 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, “Paderborn”, “Enerji Kotbus”, “Sportfrunde” kimi klubların da formasını geyinib.

“Auqsburq” “Maynts”ın qapıçısı Finn Damen və “Darmştadt”ın mərkəz müdafiəçisi Patrik Pfayfferi də heyətinə qatıb. Onların hər ikisi azad agent kimi bu klubla müqavilə bağlayıblar. Damen 3, Pfayffer 4 illik sözləşməyə imza atıb.

“Maynts”ın öz yetirməsi olan Damen bu klubun əsas komandasında 15 oyun keçirib, 33 qol buraxıb, 1 “quru” matçı olub. 25 yaşlı qolkiper Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Pfayffer isə “Hamburq”un yetirməsidir. Əslən Qanadan olan 23 yaşlı almaniyalı futbolçu 2019-cu ildən formasını geyindiyi “Darmştadt”da 85 oyun keçirib, 6 qol və 2 assist müəllifi olub.

“Auqsburq” öz hücumçusu Lukas Petkovu da “Qroyter”ə icarəyə verib. 22 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə çıxış edəcək. “Auqsburq”un öz yetirməsi olan futbolçu daha öncə “Verl”də də icarədə olub. O, klubunun əsas komandasında 9 oyuna çıxsa da, fərqlənə bilməyib.

“Auqsburq” qapıçısı Rafal Gikeviç (35 yaş), yarımmüdafiəçiləri Tobias Ştrobl (33 yaş), Daniel Kalicuri (35 yaş) və Andre Han (32 yaş) ilə də yollarını ayırıb. Onlarla müddəti bitən müqavilələr yenilənməyib və azad agent kimi komandanı tərk ediblər.

“Union Berlin”də növbəti ayrılıqlar

“Union Berlin” də bir neçə futbolçusu ilə yollarını ayırıb. 29 yaşlı yarımmüdafiəçi Kevin Möhvald Belçikanın “Eupen” klubuna transfer olunub. O, 2021-ci ildən formasını geyindiyi Berlin klubunda cəmi 21 matça çıxıb, fərqlənə bilməyib. Alman yarımmüdafiəçi “Roy Vays Erfurt”, “Nürnberq”, “Verder” kimi klubların da formasını geyinib.

Digər yarımmüdafiəçi Paul Sequin 750 min avro qarşılığında “Şalke”yə transfer olunub. 28 yaşlı alman futbolçu “Union Berlin”də ötən ilin yayından forma geyinirdi. O, bu komandada 23 oyuna 1 qol və 3 assistlə yadda qalıb. Yarımmüdafiəçi “Qroyter”, “Volfsburq” və “Dinamo” (Drezden) kimi klubların da uğurları üçün çalışıb.

“Union Berlin”dən azad agent kimi ayrılmış Levin Öztunalının da yeni komandası müəyyənləşib. O, “Hamburq”la müqavilə bağlayıb. Türkəsilli almaniyalı futbolçu 2021-ci ildən formasını geyindiyi Berlin klubunda 26 oyuna 2 assistlə yadda qalıb. 27 yaşlı yarımmüdafiəçi “Maynts”, “Verder”, “Bayer” kimi klubların da formasını tərlədib.

Polşadan olan Tımoteuş Puxaç isə gələn mövsümün sonuna kimi “Kayzerslautern”ə icarəyə göndərilib. 24 yaşlı sol cinah müdafiəçisi “Union Berlin”də 10 oyun keçirib, 1 qol və 2 assist müəllifi olub. O, daha öncə “Lex” (Poznan), “Kaviçe”, “Zaqlembe”, “Panatinaikos”, “Trabzonspor” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: