Daha çox “Tata” ləqəbi ilə tanınan argentinalı Xerardo Martino MLS təmsilçisi “İnter Mayami”nin yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə ABŞ klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
60 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. O, bu postda bir müddət öncə istefaya göndərilmiş Fil Nevilli əvəz edib.
Argentinadan olan 60 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında Meksika yığmasından ayrılandan bəri işsiz idi. O, daha öncə Argentina və Paraqvay yığmalarına da rəhbərlik edib. Təcrübəli mütəxəssisin çalışdırdığı klub komandaları arasında isə “Atlanta Yunayted”, “Barselona”, “Nyuells Old Boyz”, “Libertad”, “Kolon”, “Serro Porteno”, “İnstituto” və “Platense” də var.

Xatırladaq ki, “İnter Mayami” bu ay “Barselona”dan ayrılan Serxio Buskets və PSJ ilə vidalaşan Lionel Messi kimi ulduz futbolçuları heyətinə qatmaqla da diqqət mərkəzinə düşmüşdü. Xüsusilə Tata ilə Messinin yenidən bir araya gəlməsi daha çox maraq doğurur. Axı onlar daha öncə də birgə çalışıblar.
Xerardo Martino və Lionel Messi – bir torpağın iki futbol adamı
Martino bəlkə də Messini hamıdan yaxşı tanıyır, çünki onlar Rosarioda anadan olublar. Tata onu həm “Barselona”da, həm də Argentina yığmasında çalışdırıb ki, bu da hələ, heç bir mütəxəssisə nəsib olmayıb.
Xerardo Rosarioda böyüyüb və orada da futbol əfsanəsinə çevrilib. Tata futbolçu karyerasının böyük hissəsini yerli “Nyuells Old Boyz”da keçirib. Elə, Messi də orada 6 il uşaq səviyyəsində oynayıb. Martino yarımmüdafiəçi mövqeyində oynayıb və hələ də bütün turnirlərdə keçirdiyi oyunların sayına görə klubun rekordçusu olaraq qalır. 2003-cü ildə keçirilmiş sorğuya əsasən isə Xerardo “Nyuells Old Boyz” tarixinin ən yaxşı futbolçusu seçilib.
Yeniyetmə Leo Xerardo haqqında sadəcə olaraq eşitməyə bilməzdi. Amma Martinonun sözlərinə görə, onlar qonşuluqda yaşamasına rəğmən, tanışlıqları olmayıb. Deyirlər, Martinonun “Nyuells Old Boyz”la vida oyununda balaca Messi tribunada olub və qəhrəmanı ayaq üstə alqışlayıbmış. Hətta mətbuatda Leonun atasının Rosariodan olan klubun tarixinə verdiyi töhfələrə görə Xerardonu ilahiləşdirdiyini belə, yazırdılar.

Tata futbolçu karyerasına 34 yaşında xitam verərək, məşqçilik fəaliyyətinə başlayıb. Argentinada Martinonu Marselo Byelsanın tələbəsi sayırlar. Martino Byelsanın rəhbərliyi altında “Nyuells Old Boyz”da iki mövsüm oynayıb və onun oyun fəlsəfəsini mənimsəyib. Məşqçilik fəaliyyətinin ilk illərində Martino xüsusilə Paraqvayda parlaq nəticələr əldə etdi. Tata burada dörd çempionluq qazanıb (üç dəfə “Libertad” və bir dəfə “Serro Porteno” ilə). Tatanın uğuru doğma “Nyuells Old Boyz”un diqqətini cəlb edib və mütəxəssis komandanı çalışdırmağa dəvət edilib. Martino doğma klubunda da dəsti-xəttini qoruya bilib və günlərin bir günü “Barselona”nın diqqət mərkəzinə düşüb.
2013-cü ilin iyun ayında Qvardiolanın gedişindən sonra “Barselona” ispan mütəxəssisin sabiq köməkçisi Tito Vilanovaya tapşırılıb. Amma amansız xərçəng xəstəliyi səbəbilə Vilanova karyerasını yarımçıq qoymağa məcbur olub və bir ildən az müddət sonra Tito vəfat edib. Martino “Barsa”nın baş məşqçi vəzifəsinin ən aşkar favoriti deyildi. Düzdür, üslub baxımından Tata “Barsa”ya yaraşırdı: hücum futboluna hörmət edir, sürətli ötürmələr oynamağa üstünlük verirdi. Amma… Amma Tata heç zaman Avropada heç işləməmişdi.
“Messi Martinonun təyinatına təsir etdi”
Martinoya görə, bu işdə Messinin sözü rol oynayıb. Həqiqətən də, hələ şayiələr dönəmində belə, Messi Martino haqqında həvəslə danışardı: “Onu bəyənirəm. Böyük məşqçidir və o, bunu sübut edib. Tata komandalarını yaxşı oyanağa məcbur edir və bizim hamımızın ona hörməti var”.
Martino 2013-cü ildə “Barselona”ya baş məşqçi təyin edildikdən sonra demişdi: “Hadisələrin necə cərəyan etdiyinin təfərrüatı mənə məlum deyil, amma Xorxe və Lionelin müəyyən təsiri olduğuna şübhə etmirəm. Onlardan fikirlərini soruşublar. Və biz belə bir nəticəyə gəldik”.
Martinonun sözləri – “Messi Martinonun təyinatına təsir etdi”, “Leo Tatanın təyinatının açarıdır” ruhunda qaynar başlıqlar mətbuatda sürətlə yayıldı. Səs-küyə görə Messi məsələyə müdaxilə etməli oldu. Leo təyinatla heç bir əlaqəsi olmadığını bildirdi, amma bir daha Xerardonu yaxşı məşqçi adlandırıb, onun “Barselona”ya keçidini alqışladı.
“Barselona”nın idman direktoru Antoni Subisarreta da hər şeyi kökündən təkzib etdi: “Messinin Martinonun təyinatı ilə bağlı heç bir əlaqəsi yoxdur. On gün əvvəl Vilanovanın səhhətinin vəziyyəti ilə əlaqədar məlumat aldım. Sonra biz alternativ variantlar axtarmağa başladıq. “Barselona”nın fəlsəfəsi müzakirə olunmur və biz bunu tərəqqi etdirib genişləndirə biləcək bir mütəxəssis axtarırdıq”.
Bəlkə də həqiqətən hər şeyi Messinin seçiminə yönəltmək olmaz. Tataya “Barsa”dan başqa “Real” da maraq göstərirdi. Kataloniya klubunun prezidenti Sandro Rosel isə uzun illər Martino ilə şəxsən tanış idi. Rosel öz tərcümeyi-halında Messi ailəsinin məşqçinin təyinatı ilə əlaqəsi olduğunu təkzib edib. Ancaq bir şey dəqiqdir: Messi və Martino bir-birinə rəğbət bəsləyirdilər.

Martino “Barselona”da fəaliyyətinə “Levante”ni 7:0 hesabı ilə darmadağın etməklə başladı. Messi dubla imza atdı. Tata Super Kuboku qazandı. Oktyabrda kataloniyalılar “Kamp Nou”da “Real”ı 2:1 hesabı ilə yendilər. Üç gün sonra isə “Selta” üzərində qələbə qazanıldı. Və budur, yeni rekord: Tata “Barsa” tarixində ilk 16 oyunda bir dəfə belə, məğlub olmayan ilk məşqçi kimi tarix yazdı. Hətta Xosep Qvardiola belə bir nailiyyət əldə edə bilməyib.
“Bilirəm ki, prezidentə zəng etsən, çulumu bayıra atacaq”
Ancaq sonra uğur zənciri qırıldı. Qazanılmış İspaniya Super Kuboku “Tata”nın “Barselona” ilə nail olduğu yeganə uğur kimi tarixə köçdü. İllər sonra Martino özü də tam uğursuzluğunu həm oyun və həm də nəticə baxımından, etiraf etdi. Səbəblər çox fərqli göstərilirdi – Qvardioladan miras qalmış “Barsa”nın qürubu, zədələr, hakimlər və Martinonun özünün uğursuz təcrübələri. Heç nə qazana bilməyən məşqçi yazda “Barselona”dan ayrıldı və avqustda Argentina yığmasının sükanı arxasına keçdi.
İstər “Barselona”da, istərsə də Argentina yığmasında Tatanın Messinin “əl tulası” olması ilə bağlı söz-söhbətlər gəzirdi: Messi heyətə təsir edir və qərarlar verir. 2020-ci ilin sentyabrında Subissereta oda azacıq yağ tökdü: “Barsa”da işləyəndə Martino Leoya deyirdi: “Bilirəm ki, prezidentə zəng etsən, çulumu bayıra atacaq. Amma lənət şeytana, bunu mənə hər gün göstərmək gərək deyil. Artıq bu barədə məlumatım var”.
Tata bunu diribaşlıqla təkzib etdi. Martino Messinin komandaya təsiri ilə bağlı şayiələrə də sərt reaksiya göstərdi: “Mən heç vaxt Messinin dediyini etməmişəm. Kimsə bu əsatiri yaradıb və çoxları bu barədə danışdı. Amma bunu, faktlar təkzib edir”.

Həqiqətən də, Messinin heyətə təsirinə dair heç bir sübut yox idi. Leonun Tatanın taktikasını tənqid etməməsi və guya ona təlimat vermək üçün oyunlar zamanı yaxınlaşmasından başqa ortada heç bir məqam yox idi. Mətbuat gərginliyə eyham vururdu, amma Martino ilə Messi arasında münaqişə ilə bağlı bir dənə də olsun fakt gözə çarpmadı. Hətta əksinə, Leo əvəzetmələrə sakit reaksiya verirdi. Məsələn, komanda rahatlıqla hesabda öndə olanda Martino Leonu sona 20 dəqiqə qalmış meydandan çıxara bilərdi. Xerardo Messinin pis oyunun belə, istənilən digər oyunçu üçün yaxşı olacağını deyirdi.
Messinin 2016-cı ildə Amerika Kubokunun finalında məğlub olduqdan sonra Argentina yığmasından səs-küylü gedişi xatirinizdədir? Bütün bunlar Xerardo Martinonun rəhbərliyi altında baş verib.
“Messinin yerində olsaydım, çoxdan yığmanı tərk edərdim”
Tata yığmanı finala çıxardı, amma oyunsonrası penaltilər seriyasında Çiliyə məğlub oldu. Və penaltilər seriyasında büdrəmiş “qəhrəman” Messi idi. Leo bu acıya çox üzüldü və yığmadan getdiyini bildirdi. Bütün bunlar Messinin federasiya ilə münaqişəsi üzərində əksini tapdı. Leo pis təşkil edilmiş uçuşlara görə qəzəblənmişdi. Düzdür, bir ay sonra Martinonun özü də istefa verdi. Messinin gedişində Martinonun heç bir günahı yoxdur. Hətta artıqlaması ilə, Leonun bu hala düşməsindən bir il əvvəl, tənqidlər fonunda Tata demişdi: “Mən Messinin yerində olsaydım, çoxdan yığma komandanı tərk edib “Barselona”da oynamağa davam edərdim”.

“Barça” və Argentina yığmasındakı uğursuzluqlardan sonra Tata yenidən qalib oldu. Əvvəlcə Martino “Atlanta”nı MLS-dəki ilk uğuruna doğru daşıdı, sonra isə Meksikaya yola düşdü və “asteklər”lə CONCACAF Qızıl Kubokunu qazandı, meksikalıları Dünya Kubokuna gətirdi və oyunlarının 64%-də qələbə qazanmaqla əntiqə nəticə göstərdi.
Və budur, zaman ötür, Xerardo Martino ilə Lionel Messi yenidən bir araya gəlir. Bu dəfə onlarla bağlı hansı maraqlı olayların yaşanacağını isə gələcək zaman göstərəcək…



