Georgi Kondratyev Belarus yığmasından qovuldu

Futbol üzrə Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyev gözlənilməz şəkildə istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Rəhbərlik 63 yaşlı mütəxəssislə əməkdaşlığı birtərəfli qaydada dayandırmağa qərar verib. Baş məşqçi ilə yanaşı, köməkçiləri də istefaya göndərilib.

Kondratyev ölkəsinin mətbuatına açıqlamasında bu qərardan şoka düşdüyünü bəyan edib: “Mən şokdayam. Çünki heç bir şey bu qərardan xəbər vermirdi. Qərarı necə şərh edəcəyimi belə bilmirəm.

Uşaqlarla işləmək mənim üçün xoş idi, hamısı ilə təmasda idik. Son oyunda uşaqlar əyləndiklərini söylədilər. Səbəbə gəlincə, bunu mən də bilmirəm. İşdən çıxarılma səbəbi ilə bağlı federasiyaya müraciət etməlisiniz. Şəxsən mənim federasiya rəhbərliyi ilə heç bir münaqişəm olmayıb. Kosovo ilə oyundan sonra hamı sevindi, hamı… Biz Minskə gələndə də bugünkü qərar üçün heç bir ilkin şərt yox idi. Mənə heç nə ilə bağlı xəbərdarlıq edilməyib, yalnız İcraiyyə Komitəsinə hazırlaşmağımı bildiriblər. Tədbirə 30 dəqiqə qalmış Nikolay Nikolayeviç mənə zəng etdi. O, mənimlə və bütün məşqçilər korpusu ilə ayrılmaq qərarına gəldiklərini dedi. Ümumiyyətlə heç nə başa düşmədim”.

Xatırladaq ki, Georgi Kondratyev 2021-ci ilin iyul ayından Belarus milli komandasına rəhbərlik edirdi. Buna qədər isə o, yığmada köməkçi məşqçi kimi çalışıb, bir oyunda da baş məşqçi əvəzi olub. Belarus yığması onun rəhbərliyi altında bütövlükdə 22 oyun keçirib. Bu görüşlərdə 5 qələbə qazanıb, 3 heç-heçə etmiş milli komanda 14 görüşdə də məğlubiyyətə üzülüb.

Kondratyev 2011-2014-cü illər aralığında da Belarus yığmasına rəhbərlik edib – 28 oyun, 9 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: