Volpato və Missori üçün “Roma”ya 10 milyon avro ödədilər

“Roma”nın gənc futbolçuları Kristian Volpato ilə Filippo Missori A Seriyasının digər təmsilçisi “Sassuolo”ya transfer olunublar.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Sassuolo” bu iki futbolçu üçün paytaxt klubuna bütövlükdə 10 milyon avro (Volpato üçün 7,5, Missori üçün 2,5 milyon avro) ödəyib. “Roma” yetirmələrinin gələcək satışından da 15 faiz pay götürəcək.

İtaliya mətbuatının iddiasına görə, “Roma” da “Sassuolo”dan Davide Frattezini transfer etməyə hazırlaşır. Bu iki oyunçunun da məhz 23 yaşlı yarımmüdafiəçinin transferinin tərkib hissəsi kimi “Sassuolo”ya verildiyi bildirilir.

Kristian Volpato 2022-ci ildən “Roma”nın əsas komandasında çıxış edirdi. 19 yaşlı yarımmüdafiəçi “canavarlar”ın heyətində 14 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

Filippo Missori isə “Roma”nın əsas komandasında 4 oyun keçirib. Sağ cinah müdafiəçisi olan 19 yaşlı futbolçu İtaliyanın U-15, U-16, U-18 və U-19 yığmalarında forma geyinib.

“Sassuolo” baş məşqçisi Alessio Dionisi ilə də yeni müqavilə imzalandığını açıqlayıb. İtaliyadan olan 43 yaşlı mütəxəssislə 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitirdi.

Alessio Dionisi 2021-ci ilin iyul ayından “Sassuolo”ya rəhbərlik edir. O, bu komandanı indiyə qədər 79 oyuna çıxarıb. “Sassuolo” bu görüşlərdə 26 qələbə qazanıb, 20 heç-heç edib və 33 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: