Son olaraq İngiltərənin “Kristal Pelas” komandasına rəhbərlik etmiş fransalı mütəxəssis Patrik Vieyra bundan sonra Fransada çalışacaq.
Arena.az xəbər verir ki, 47 yaşlı məşqçi “Strasburq”dan aldığı təklifi müsbət cavablandırıb.
Tərəflər 3 illik müqaviləyə imza atıblar. Vieyra bu komandanın baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Frederik Antonettini əvəz edib.
Xatırladaq ki, Patrik Vieyra 2023-cü il martın 17-dən işsiz idi. O zaman fransalı mütəxəssis 12 oyunluq qələbəsiz seriyadan sonra “Kristal Pelas”dan qovulmuşdu. Həmin vaxt London komandası İngiltərə çempionatının turnir cədvəlində 12-ci sırada idi.
Vieyra daha öncə “Nyu-York Siti” və “Nitsa”ya da rəhbərlik edib. O, həmçinin “Mançester Siti”nin gənclərdən ibarət komandasını da çalışdırıb.
“Strasburq” 2022/2023 mövsümündə 38 oyuna cəmi 40 xal toplaya bilib. Komanda elitadakı yerini çətinliklə qoruyub. Antonettinin də qovulmasına məhz bu səbəb göstərilir.
Yeri gəlmişkən, “Strasburq” mərkəz müdafiəçisi Aleksander Djiku ilə də yollarını ayırdığını açıqlayıb. 28 yaşlı futbolçu ilə müddəti bitən müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.
“Bastiya”nın yetirməsi olan Aleksander Djiku “Kan”da da forma geyinib. O, 2019-cu ildə 4,5 milyon avro qarşılığında “Strasburq”a transfer olunmuşdu. Müdafiəçi Liqa 1 təmsilçisində 127 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Djiku Fransada dünyaya göz açsa da, Qana milli komandasında oynamağa üstünlük verib. Təcrübəli müdafiəçi Qana yığmasının heyətində meydana çıxdığı 20 oyunda 1 qol da vurub.


