“Yuventus” bu yay əməkhaqqı cədvəlində məvacibi azaltmaq və transfer büdcəsini artırmaq üçün ən azı beş futbolçunu satmaq niyyətindədir.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Qoca sinyora” klubun hazırkı heyətindən bir neçə nəfəri satmayınca, yeni gələnlərlə müqavilə imzalaya bilməyəcək. Turin klubu yarımmüdafiəçilər Artur, Denis Zakariya və Ueston Makkenninin satışından təxminən 50 milyon avroya qədər qazanacağına əmindir.
Qapıçı Voytsex Şensnı və müdafiəçi Aleks Sandronun da satış ehtimalı altında olduğu bildirilir. “Qoca sinyora” əsassız yüksək məvacib alan futbolçuları komandada saxlamaq niyyətində deyil.
Xatırladaq ki, daha əvvəl “Yuventus”un, hücumçusu Duşan Vlahoviçi “Çelsi”yə satmaqdan imtina etdiyi haqda məlumat yayılmışdı.
Bir müddət öncə İspaniyanın “Sevilya” klubunun da maliyyə problemlərinə görə heyətin bütün üzvlərini satışa çıxardığı barədə iddia ortaya atılmışdı.


