2023/2024 mövsümünə hazırlığı davam etdirən “Səbail” iki israilli futbolçu – Nir Bardea və Yadin Luqasi ilə güclənib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onlar “dənizçilər”in düşərgəsinə azad agent kimi qoşulublar.
Nir Bardea “Aşdod”un yetirməsidir. 27 yaşlı mərkəz müdafiəçisi bu komandada 99 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, 2021/2022 mövsümündə Macarıstanın “Budapeşt” komandasında legioner həyatı da yaşayıb. Amma müdafiəçi bu komandada cəmi 8 matça çıxıb. 2022-ci ilin iyul ayında ölkəsinə qayıdan Bardea Bney Reyne “Makkabi”si ilə müqavilə bağlamışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 28 oyun keçirib. İsrailli futbolçu ölkəsinin U-21 yığmasında vaxtilə 4 oyuna çıxıb.

Yadin Luqasi isə “İroni Kiryat Şmona”nın yetirməsidir. 24 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 71 oyuna 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Luqasi “Hapoel” (Akre) klubunda da 14 oyun keçirib, 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Səbail” bu yay Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev və Amil Yunanovu da heyətinə qatmışdı. Paytaxt klubu öz oyunçularından Vüqar Həsənovla da yeni müqavilə bağlayıb. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə “Səbail”i tərk ediblər.


