Bu yay Mönhenqladbah “Borussiya”sından ayrılan 46 yaşlı alman mütəxəssis Daniel Farke özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, o, bundan sonra İngiltərənin “Lids” komandasına rəhbərlik edəcək.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Daniel Farke 2022-ci ilin iyulundan “Borussiya”ya rəhbərlik edirdi. O, daha öncə “Lippştadt” və “Norviç Siti”də də baş məşqçi olub. 2022-ci ilin yanvarında Rusiyanın “Krasnodar” komandasının da baş məşqçisi təyin olunmuş Farke, rəsmi oyun keçirmədən mart ayında bu klubdan ayrılmışdı.
“Lids”ə gəlincə, komanda Premyer Liqanın ötən mövsümünü 20 iştirakçı arasında 19-cu pillədə başa vuraraq elitanı tərk edib. Bu komanda qarşıdakı mövsümü Çempionşipdə keçirəcək.


