Xabi Alonso Karlo Ançelottini əvəzləməyə əsas namizəddir

Leverkusen “Bayer”inin ispan çalışdırıcısı Xabi Alonso 2024-cü ildə “Real”ın cari baş məşqçisi Karlo Ançelottini əvəzləməyə gerçək namizəddir.

Arena.az bu barədə “CaughtOffside”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 41 yaşlı mütəxəssisi Madridə dəvət etmək ideyası “Kral klubu”nun rəhbərliyinin ağlına bu yay gəlib. Amma Xabi Alonso daha bir mövsüm “Bayer”in sükanı arxasında keçirməkdə israrlı olub. İspan çalışdırıcı bu seçimində “Real” kimi böyük kluba rəhbərlik etmək üçün daha bir qədər təcrübəyə ehtiyacı olması ilə əsaslandırıb.

Xatırladaq ki, bundan əvvəl Ançelottinin 2024-cü ilin yayında Braziliya millisinə rəhbərlik edəcəyi haqda məlumat yayılıb. Məlumat rəsmi təsdiqini tapmasa da, “Real”ın ehtiyat tədbirlər planı həmişə olduğu kimi yerindədir.

Xabi Alonso futbolçu kimi “Real”da 5 il çıxış edib və Karlo Ançelottinin rəhbərliyi altında bir mövsüm keçirib.

Geridə qalmış mövsüm ərzində Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer” Avropa Liqasının yarımfinalına yüksəlib, Bundesliqada 50 xalla 6-cı yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: