Kamran Quliyev rəsmən “Sumqayıt”da!

Ötən mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyev bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt” klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvardla 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Kamran Quliyev “Qəbələ”nin yetirməsidir. O, karyerası ərzində Litvanın “Yonava” klubunda, həmçinin “Sabah”da da forma geyinib. Ötən mövsüm “Şamaxı”nın heyətində Premyer Liqada 33 oyuna çıxmış futbolçu 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.

“Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı və Rövlan Muradovu da transfer etmiş, Elvin Bədəlov və Murad Xaçayevlə də yeni müqavilə imzalandığını açıqlamışdı. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: