Loris Karius və Pol Dammett “Nyukasl”da qaldı – Rəsmi

İngiltərənin “Nyukasl” klubu müdafiəçisi Pol Dammett və qapıçısı Loris Karius ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Beləliklə, onlar 2023/2024 mövsümündə də sözügedən klubda çıxış edəcəklər. Tərəflər arasındakı əvvəlki sözləşmələrin müddəti ötən ayın 30-da başa çatmışdı.

Xatırladaq ki, Karius 2022-ci ilin yayında İngiltərə “Liverpul”undan azad agent kimi ayrılaraq “Nyukasl”a keçmişdi. O, ötən mövsüm bu komandanın heyətində cəmi 1 oyuna çıxıb və 2 qol buraxıb.

Loris Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”a 2016-cı ildə məhz bu klubdan transfer olunmuşdu. Amma alman qolkiper İngiltərə nəhəngində əsas heyət oyunçusuna çevrilə bilməyib. 2018-2020-ci illərdə Türkiyənin “Beşiktaş” klubunda icarədə oynamış Karius, 2020/21 mövsümündə də “Union Berlin”də icarədə olub. O, “Liverpul”da bütövlükdə 49 matça çıxıb.

Pol Dammett isə 2013-cü ildən “Nyukasl”ın uğurları üçün çalışır. Uelsli 31 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində 205 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, icarə əsasında “Sent Mirren” və “Geytshed” kimi klubların da formasını geyinib. Müdafiəçi Uels yığmasında da 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: