“Milan”ın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini icarə əsasında A Seriyasının digər təmsilçisi “Empoli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
21 yaşlı futbolçu 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında “Empoli”nin uğurları üçün çalışacaq. Sözügedən klub mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna da malikdir.
Xatırladaq ki, Daniel Maldini “Milan”ın və İtaliya futbolunun əfsanəsi Paolo Maldininin oğludur. Gənc futbolçu ötən mövsümü də “Spetsiya”da icarədə keçirib. O, bu komandada 20 oyuna çıxıb, 3 qol vurub. Maldini “Milan”ın əsas komandasında da 24 oyuna çıxıb və 1 qolla yadda qalıb.
“Empoli” “Parma”nın yarımmüdafiəçisi Alberto Qrassini də heyətinə qatıb. Sözügedən klub 28 yaşlı futbolçunu ötən mövsüm icarəyə götürmüşdü. Bu yay isə sözügedən futbolçu “Parma”dan azad agent kimi ayrılaraq “Empoli” ilə 3 illik yeni sözləşmə imzalayıb. O, geridə qalan mövsümdə bu komandada 25 oyun keçirib. Qrassi daha öncə “Parma”dan başqa “Atalanta”, “Kalyari” və SPAL-da da oynayıb, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.
“Empoli” ötən ilin yayında “Kalyari”dən icarəyə götürdüyü yarımmüdafiəçi Razvan Marinin icarə müddətinin daha bir uzadılmasına da nail olub. 27 yaşlı rumın futbolçu 2024-cü ilin 30 iyununa kimi bu komandada çıxış edəcək. “Empoli” istəsə, bu oyunçunun transfer hüquqlarını da ala bilər. Rumıniya yığmasında 46 oyuna 2 qol vurmuş futbolçu “Vitorul Konstanta”, “Standard” (Lyej), “Ayaks” kimi klublarda da forma geyinib.
Hücumçu Mattia Destro isə “Empoli”dən ayrılıb. Ötən ilin yayında bu kluba gələn və 1 illik müqavilə bağlamış futbolçu yeni sözləşmə imzalamaq istəməyib. Hazırda o, azad agent kimi yeni təklifləri dəyərləndirir. 32 yaşlı hücumçu geridə qalan mövsümdə bu komandada 18 oyuna cəmi 1 qol vurub. İtaliya yığmasında 8 oyuna 1 qol vurmuş futbolçu əvvəllər “Cenoa”, “Syena”, “Roma”, “Milan” kimi klubların da formasını geyinib.


