Futbol üzrə İspaniya milli komandasının və “Vilyarreal”ın mərkəz müdafiəçisi Pau Torres İngiltərənin “Aston Villa” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. İngiltərə klubu bu transfer üçün 33 milyon avrosundan keçib. “Vilyarreal”ın hətta əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı olacaq. Torres yeni klubunda 14 nömrəli formanı geyinəcək.

Pau Torres “Vilyarreal”ın yetirməsidir və peşəkar karyerasına da bu klubda başlayıb. O, əsas komandada keçirdiyi 173 oyunda 12 qol və 5 məhsuldar ötürmə müəllifi də olub. Müdafiəçi bir mövsüm “Malaqa”da icarədə də çıxış edib. O, İspaniya milli komandasında 23 oyun keçirib, 1 qola imza atıb.
“Vilyarreal” yarımmüdafiəçisi Visente İborranı da Yunanıstan “Olimpiakos”una satıb. Amma bu transferin detalları açıqlanmır. 35 yaşlı ispan yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. O, 2019-cu ildən formasını geyindiyi La Liqa təmsilçisində 104 oyuna 5 qol və 6 assistlə yadda qalıb. Təcrübəli futbolçu “Levante”, “Sevilya”, “Lester Siti” kimi klubların da formasını geyinib.

“Vilyarreal” bu gedənlərin əvəzində İngiltərənin “Bləkbörn” klubunun hücumçusu Ben Brereton Diası transfer edib. 24 yaşlı ingilislə 4 illik müqavilə imzalandığı açıqlanıb. O, İspaniya klubuna azad agent kimi qoşulub.

Ben Brereton Dias 2018-ci ildən “Bləkbörn”də forma geyinirdi. O, bu komandada 177 oyuna 47 qol və 16 assist müəllifi olub. Hücumçu “Nottingem Forest” klubunun da uğurları üçün çalışıb.


