Qari Medel “Bolonya”nı “Vasko da Qama”ya dəyişdi – Rəsmi

Futbol üzrə Çili milli komandasının dayaq yarımmüdafiəçisi Qari Medel İtaliyanın “Bolonya” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi ilə müqaviləsinin müddəti bitən 35 yaşlı futbolçu azad agent kimi Braziliyanın “Vasko da Qama” klubuna keçib.

Təcrübəli oyunçu yeni klubu ilə 2024-cü ilin 31 dekabrına kimi anlaşıb.

Qari Medel “Bolonya”ya 2019-cu ilin yayında Türkiyənin “Beşiktaş” klubundan 1,5 milyon avro qarşılığında keçmişdi. O, ötən mövsüm bu komandanın heyətində 31 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya klubunda bütövlükdə 101 oyun keçirib, 3 assist müəllifi olub.

Medel karyerası ərzində “Bolonya” və “Beşiktaş”dan başqa “İnter”, “Sevilya”, “Boka Xuniors”, “Kardiff Siti” və “Universidad Katolika” klublarının da formasını geyinib. O, Çili yığmasında 152 oyuna 7 qol vurub.

“Bolonya” kanadalı qapıçısı Sebastyan “Breza”nı da İsveçrənin “İverdon Sport” klubuna icarəyə verib. 25 yaşlı qolkiperin 2024-cü ilin 30 iyununa qədər icarədə çıxış edəcəyi açıqlanıb.

Sebastyan Breza 2020-ci ilin yayında “Potenza”dan “Bolonya”ya cəlb olunsa da, burada əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də o, “Monreal” və “Kararreze” kimi klublarda da icarədə oynayıb.

“Bolonya” sağ cinah müdafiəçisi Lorenso De Silvestri ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 35 yaşlı futbolçu yeni sözləşməyə əsasən, 2024-cü ilin 30 iyununa kimi bu klubda qalacaq. Onun əvvəlki müqaviləsinin müddəti ötən ayın sonunda bitmişdi.

Lorenso De Silvestri 2020-ci ildən formasını geyindiyi “Bolonya”da 78 oyun keçirib, 6 qol və 2 assistlə yadda qalıb. O, daha öncə “Torino”, “Sampdoriya”, “Fiorentina” və “Latsio”da da oynayıb. Təcrübəli futbolçu İtaliya yığmasında da 6 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: