Amerika Birləşmiş Ştatları yığmasının və “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Kristian Pulişiç “Milan”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Pulişiçin yeni komandasında 11 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
“Milan” bu transfer üçün İngiltərə klubuna 20 milyon avro ödəyib. “Zadəganlar”ın qazancı nəzərdə tutulmuş müəyyən bonuslarla daha da arta bilər.

Kristian Pulişiç “Çelsi”yə 2019-cu ilin yanvarında Dortmund “Borussiya”sından 64 milyon avro qarşılığında keçmişdi. O, London klubunun heyətində 145 oyuna çıxıb, 26 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Pulişiç “Çelsi”dən başqa yalnız “Borussiya”da oynayıb. O, Dortmund təmsilçisində də 127 oyuna 19 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Pulişiç ABŞ milli komandasında 57 oyun keçirib, 23 qola imza atıb.
“Milan” gənc futbolçusu Şaka Traore ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı sol cinah vingeri ilə sözləşmə 2028-ci ilin 30 iyununa qədərdir.

Şaka Traore “Milan”a 2021-ci ilin avqust ayında “Parma”dan transfer olunub. Əvəzedici komandada forma geyinən yarımmüdafiəçi hələ əsas komandada debüt şansı qazanmayıb.


