Futbol üzrə Çexiya yığmasının və İspaniyanın “Xetafe” komandasının sol cinah yarımmüdafiəçisi Yakub Yankto “Kalyari”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. A Seriyası təmsilçisinin bu transfer üçün La Liqa klubuna nə qədər ödədiyi bilinmir.
Yakub Yankto “Xetafe”yə 2021-ci ilin “Sampdoriya”dan 6 milyon avro qarşılığında keçmişdi. O, La Liqa təmsilçisində 15 oyuna cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümü isə yarımmüdafiəçi Praqa “Sparta”sında icarədə keçirib – 16 oyun, 1 qol.
Yankto daha öncə İtaliyada “Sampdoriya”dan başqa “Udineze” və “Askoli” klublarının da formasını geyinib. O, Çexiya yığmasında 45 oyuna 4 qol vurub.
“Kalyari” Rumıniyanın ÇFR (Kluj) klubunun italiyalı qapıçısı Simone Skuffeti də heyətinə qatıb. İtaliya klubu bu transfer üçün rumınlara 800 min avro ödəyib. 27 yaşlı qolkiperlə də 3+1 illik müqavilə imzalanıb. O, 2022-ci ilin yayından formasını geyindiyi Rumıniya klubunda 49 oyuna çıxıb, 46 qol buraxıb, 19 “quru” matç keçirib. Skuffet “Udineze”, “Spetsiya”, “Komo”, APOEL, “Kasımpaşa” kimi klublarda da forma geyinib.

“Kalyari” öz qapıçısı Cüzeppe Çoççini də “Peskara”ya icarəyə verib. 21 yaşlı qolkiper mövsümün sonuna kimi icarədə olacaq. Satınalma şərti nəzərdə tutulmayıb. Daha öncə “Olbiya”da da icarədə olmuş qapıçı öz komandasında hələ rəsmi matça çıxmayıb.



