Futbol üzrə Estoniya milli komandasının və Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun hücumçusu Erik Sorqa “Sumqayıt”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini həyata keçirib. Klub son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandasında keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Sorqa karyerası ərzində Estoniyanın “Flora” (91 oyun, 78 qol, 9 assist), ABŞ-nin “Loudoun Yunayted” (1 oyun, 1 assist), “Di Si Yunayted” (21 oyun, 1 qol), Niderlandın “Venlo” (11 oyun, 3 qol), İsveçin “Göteborq” (10 oyun, 1 qol) klublarının da şərəfini qoruyub. O, Plovdiv “Lokomotiv”ində də 14 oyun keçirib, 2 qol vurub.
24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub. O, əsas millidə keçirdiyi 26 oyunda 4 qol vurub.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov və Kamran Quliyevi də heyətinə qatmışdı. Elvin Bədəlov və Murad Xaçayevlə isə yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli də komandanı tərk ediblər.


