David Silva ağır zədə aldı – Karyerasını bitirə bilər

Futbol üzrə İspaniya millisinin sabiq üzvü, hazırda “Real Sosyedad”da çıxış edən yarımmüdafiəçi David Silva karyerasını bitirə bilər.

Arena.az xəbər verir ki, buna 37 yaşlı futbolçunun yeni mövsüm öncəsi təlim-məşq toplanışı zamanı dizindən ağır zədə alması səbəb olub.

Belə ki, futbolçu dizinin çarpaz bağları zədələndiyi üçün butslarını mıxdan asmaq qərarına gəlib. Onun bu barədə yekun qərarını tezliklə açıqlaması gözlənilir. Çünki yaşlı futbolçunun bu zədəsini sağalmatı uzun vaxt ala bilər.

Xatırladaq ki, David Silva indiki klubuna 2020-ci ilin yayında “Mançester Siti”dən keçib. Yarımmüdafiəçi ötən mövsüm “Real Sosyedad”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. O, bu komandada bütövlükdə 93 oyuna çıxıb, 7 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

İspan yarımmüdafiəçisi karyerası ərzində “Mançester Siti” (436 oyun, 77 qol, 140 assist), “Valensiya” (168 oyun, 32 qol, 36 assist), “Selta” (36 oyun, 4 qol) və “Eybar” (10 oyun, 1 qol) kimi klublarda da forma geyinib. O, İspaniya milli komandasında da 125 oyuna çıxıb, 35 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: